top of page

Azad Əhmədov - "idarəçi fədakar olmalıdır"


Bildiyimiz kimi son illər Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb. Ölkəmizə gələn xarici qonaqların sayı günü-gündən artır. Turistlərin ölkəmizdə rahat qonaqlaması və ölkəmiz haqqında müsbət fikirlərlə qayıtmasında ən böyük məsuliyyətlərdən biri də otellərimizin payında düşür. Azərbaycanda otel sahəsində böyük təcrübəyə malik insanlar var. Onlardan biri də yaxın zamanlarda cənab Nazir Əbülfəz Qarayev tərəfindən turizmdə olan əməyinizə görə "Fəxri Turizm İşcisi" döş nişanı ilə təltif edilən Bosfor otelin direktoru Azad Əhmədovdur. Bizdə Gənc Skalçılar olaraq Azad bəylə görüşmək və turizmlə bağlı söhbət etmək istədik. Çox sağ olsun ki, istəyimizi qəbul edib bizi öz oteliində qonaq etdi. Buyurun müsahibəmizə keçid alaq.


Azad Əhmədov kimdir? Biraz Sizi yaxından tanıyaq?!

1961 ilində Quba rayonunun Buduq kəndində anadan olmuşam.

Quba rayonunun 1 nömrəli məktəbində təhsilimə başlamışam. Sonralar Quba rayonunda çox güclü tələbə yetişdirən internat məktəbində orta təhsilimə davam etmişəm. 1984-cü ildə Xarici dillər universitetinə qəbul olmuşam.

Doğrusu mən hüquq sahəsində təhsil almaq istəyirdim. O dövlərdə bu sahədə təhsil almaq çətin idi. Bu səbəbdən əsgərlikdən geri qayıtdıqdan sonra Dillər universitetinə sənəd verdim və qəbul oldum. Məlum məktəb vaxtı hər zaman ingilis dili dərslərindən yüksək qiymət alırdım və birinci kursdan İnturist mehmanxanasında Bell boy olaraq turizmin otel sahəsində işə başlamışam. O vaxtlar İnturist otelinə işə qəbul olmaq və orada işləmək çox çətin idi. İnturist o dövür üçün Respublikanın ən yüksək səviyyəli oteli idi. Yüksək səviyyəli deyirəm, çünki o dövürdə keyfiyyət üçün hələ ulduz sözündən istifadə olunmurdu. İnturist elə bir yer idi ki, ora yalnız xaricilər gəlirdi.

Beləliklə İnturistə iş üçün müraciətimdən 6 ay sonra oraya işə qəbul olundum.

Yaz-yay aylarında bellboy vəzifəsində , qışda isə qarderobda çalışırdım. O vaxtlar 22 yaşım var idi. Universitetdə gecə şöbəsində oxuduğum üçün gündüz oteldə işləyirdim gecə isə dərsə gedirdim. Həm təhsilimi davam etdirib, həm də işləmək çətin idi, amma mən həvəslə və məsuliyyətlə işimə davam edirdim. Otelin 600 otağı və 750 personalı var idi. Onlardan biri də mən idim.

İşimdə məsuliyyətli olduğum üçün daha sonra Reseptionda adminstrator vəzifəsini aldım. O vaxtlar kompüter sistemi yox idi. Bütün qeydlər əllə jurnallarda aparılırdı. Daha sonra isə gecə müdürlüyünə keçdim və otel bağlanana qədər yəni, 2007-ci ilə qədər orada gecə müdürü olaraq işimə davam etdim.

İnturist oteli 2007-ci ildə bağlandıqdan sonra Gənclikdə 10 mənzilli ev tipində olan Consul otelində müdür olaraq işə başladım. Otel sahibləri ilə razılaşaraq bu məkanı birlikdə çalışıb otelə çevirdik. Burada 5 il müdür olaraq çalışdım. Bundan sonra 2 il İçəri şəhərdə İşəri Şəhər otelində və 4 il Ariva otelində müdür vəzifəsində çalışdım. 2014-cü ildən bu günə kimi isə Bosfor oteldə müdür vəzifəsindəyəm. Beləcə 33 ili başa vurdum.

Gəncliyinizdə planlaşdırıdınızmı bu sahədə çalışmağı?

Doğrusu bu səviyyədə yox. Demək olar ki həyat məni buraya qədər gətirdi. 5-ci kursda oxuyurdum və yeni evli idim. Universteti bitirib rayona ailəmin yanına qayıdacaqdım. Diplomumu almağıma 2 ay qalmış mart ayında məni gecə müdürlüyü vəzifəsinə keçirdilər və mənim üçün belə bir qapı açıldığı üçün mən rayona qayıtmalı olmadım. 23 il orada işlədim.

Əgər qayıtsaydım hər halda indi rayonda ingilis dili müəllimi idim. Yəni bu sahədə qalmağım təsadüf oldu.

O vaxtlar Turizm instutu və ya məktəbi yox idi. Turizm üçün xarici dilləri bitirmək lazım idi. Otelə xarici dillər universitetini bitirməyən heç kim qəbul edilmirdi. Əsas da reseption və göz qabağında işləyən işçilər hamısı xarici dillərin tələbələri idi. O vaxtlar mənim kimi xarici dilləri oxuyan oğlanlara gülürdülər. Hətta mənim qohumlarım belə gülürdü amma 91-ci illərdən sonra onlar işsiz qaldı mən isə bu yerlərə gələ bildim.

Sizin həyatınızın axışını dəyişdirən insan olubmu?

Bəli olub. İnturist otelə qəbul olunmağımda əsgər yoldaşımın böyük dəstəyi olub mənə.

Siz ev , iş və ailə balansını necə saxlayırsınız?

Əlbətdə ki ailəmə də vaxt ayırıram və çalışıram ki çox vaxt ayırım. Personallarım çox yaxşıdır. Bəzən xarici səfərlərdə oluram və personallarm sayəsində hər şey qaydasında olur.

Otel sistemində sizin üçün ən maraqlı tərəf və sıxıcı nələrdir?

Oteldə çalışmağın maraqlı tərəfi maraqlı qonaqların oteldə gəlməsidir. Bir çox məşhur adamlarla görüşmək şansım oldu. Bunlarla bağlı bir albomum da var. Bəzi insanlar olur ki, gündəlik həyatda onlarla qarşılaşmaq və görüşmək , onlara yaxınlaşmaq çətin olur. Amma oteldə onlara daha yaxın olmaq olur.

Sıxıcı tərəfləri isə otelə yoxlama gəldikdə olur. " Gülür :) "

Bundan sonrakı hədəfləriniz nədir?

Yeni otellərin işlətməsini həyata keçirməklə gənc kadırların inkişfında iştirak etmək .

İşçi seçimində ən çox nəyə önəm verirsiniz?

İlk öncə CV-lərinə diqqət yetirirəm. Bəzən elə CV-lər olur ki baxırsan ki, 3 il ərzində 8 iş yeri dəyişib və deyirlər ki bunun üçün təcrübələri çoxdur. Onlar elə bilirlər ki bu yaxşı haldır.

Bir də adətən Turizm instutunun tələbələri çox az müraciət edirlər. Müraciət edənlər içərisində digər ixtisas sahibləri daha çox olur. Adətən Turizm universitetindən tələbələr az maraq göstərir turizm işinə. Ona görə də digər universitet və ixtisaslardan gələnlər daha çox maraq və səy göstərirlər. Ən çox Iqtisadiyyat universitetindən müraciət gəlir.

Başqa önəm verdiyim nüans gülərüzlülükdür. Personala hər zaman dediyim gülər üzlü olun, elə bil bura sizin evinizdir. Gələn qonaq ən yaxın qohumunuzdur. Ən əzizinizi qarşılayan kimi qarşılayın qonaqları. Bəzən bir işçinin səhfinə görə otel müştərisi oteldən küsüb gedir, bir daha gəlmir.

Bu peşənin çətin tərəfləri nələrdir?

Sovet vaxtında peşə məktəbləri vardı. Məs: kimsə ofisiantlığı qurtarırdı. O peşəni bitirən adam gəlirdi otelə iş üçün gənc yaşlarında. İşləyirdi 40-50 yaşına qədər. Yəni bir peşə kimi yanaşırdı işinə və bu işdə davam edirdi. İndi isə yeni nəsil peşə kimi baxmır bu işlərə. Bəziləri gündəlik qazanc mənbəyi kimi 3-6 ay işləyib çıxır işdən. Gününü keçirib gedirlər. Peşə kimi sevmirlər

İşdə riskli, çətin anlarınız olubmu?

Qış aylarında olur :) (Gülür)

Ümumiyyətlə idarəçi fədakar olmalıdır. Bəzən elə vaxtlar olub ki, işçilərin pulunu öz cibimizdən ödəyib, Sahibkara icarə haqqını verib özümüz bir neçə ay tam gəlirsiz çalışmışıq.

Gələcək Azərbaycan Turizmini necə görürsünüz?

Yeni ölkələr buraları kəsf edib gəlsə Çindən, Qazaxıstandan və.s. Yaxşı olar.

Otellərin sayı artır. Bu o deməkdir ki rəqibləriniz artır. Bu sizi qorxutmur ki?

Müştəri olsa qorxutmur. Bizim otel kənarda olsa da müştərisi olur. Amma

Məşhur biri demişdir:

Otel işlətməyin 3 şərti var:

1-ci şərt – otelin yerinin gözəl olması

2-ci şərt – otelin yerinin gözəl olması

3-cü şərt – otelin yerinin gözəl olması

Peşənizin sirlərindən danışa bilərsiz?

Bu peşənin sirrləri odur ki, işində əmək sevər və məsuliyyətli olmalısan. İşə vicdanla yanaşmalısan.

Turizm sahəsində olmasaydınız hansı peşədə olardınız?

Kino operator. O vaxtlar filimlər çəkilirdi. "Alman məbədi", "Alma-almaya bənzər". Dəmiryolu vağzalında onların çəkilişlərinə durub saatlarla baxırdıq. Rayonda “alma almaya bənzər” kinosunun yarıdan çoxuna qıraqdan durub baxmışam çəkiliş vaxtı. Aperatorluğa xoşum gəlirdi. Evdə özum üçün bu tipdə bir neçə alət də almışam.

Bizlərə tövsiyəniz nələrdir?

Turizm Azərbaycanda inkişafa başlayıb. Bu inkişafdan Siz gənclər də bir pay alın və özünüzü inkişaf etdirin.Məsuliyyətli, vicdanlı, fədakar olun. Gələcəkdə ölkəmizi öz peşənizlə xarici qonaqlarımıza düzgün tanıdın.

Biz də Gənc Skalçılar olaraq xoş qarşılamağa, qonaqpərvərliyə və səmimi müsahibəyə görə təşəkkürümüzü bildiririk.


Son Paylaşımlar
Arxiv
Etiketlere Göre Ara
Henüz etiket yok.
Bizi Takip Edin
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square
bottom of page