Dekabrın 24-də «Avenue» hotelində «Skal İnternational» turizm peşəkarları təşkilatının Bakı klubunun hesabat xarakterli illik toplantısı keçirilib. 24-cü dəfə toplanan Azərbaycan skalçıları klubun bir illik fəaliyyətinə nəzər salıblar, eyni zamanda növbəti ildə həyata keçirəcəkləri layihələr barədə toplantı iştirakçılarına məlumat veriblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən «Skal Baku»nun dönəm sədri Ceyhun Aşurov bildirib ki, 1934-cü ildə yaradılan «Skal İnternational» turizm peşəkarları təşkilatı dünyada ən uzunömürlü qurumlardan biri hesab olunur. Onun sözlərinə görə, hazırda təşkilatın 80 ölkədə 315 klubu və 15 mindən çox üzvü var. «Skal İnternational» turizmin bütün istiqamətlərini özündə birləşdirir.
Qurum sədri qeyd edib ki, 2009-cu ildə yaradılan «Skal Baku» klubu MDB-də yaradılan ilk və yeganə klubdur və özündə 50-yə yaxın peşəkar turizmçini birləşdirir. Fəaliyyəti Azərbaycan turizminin inkişafına və təbliğinə həsr edilmiş klub il ərzində bu istiqamətdə bir çox işlər görüb. Klub üzvləri beynəlxalq tədbirlərdə iştirak edərək ölkəni layiqincə təmsil ediblər. Bunun nəticəsidir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev Beynəlxalq Sağlıq Turizmi Təşkilatına ötən il ərzində rəhbərlik edib, bu nüfuzlu qurumun növbəti toplantısı 2018-ci ilin aprelində Bakıda baş tutub.
«Skal İnternational»ın tanıtımına həsr olunmuş video rolikin nümayişindən sonra çıxış edən AHTTSA-nın sədri Ruslan Quliyev «Spa turizmi - 4 problem və həlli yolları» barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı dövlətin prioritetləri sırasındadır. Sağlamlıq turizmi inkişafı daha çox diqqət mərkəzində olan istiqamətlərdəndir, çünki ölkəmizin bu baxımdan olduqca böyük imkanları mövcuddur. Turizm peşəkarı qeyd edib ki, 2025-ci ilə qədər bu sahədə ciddi nəticələr əldə olunmalıdır. Ruslan Quliyev növbəti 2020-ci ildə sağlıq turizmi ilə bağlı maraqlı layihələrin olduğunu deyib və bunların sırasında İstanbulda keçiriləcək EMİTT beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan sağlıq turizmi zirvəsinin baş tutacağını xüsusi vurğulayıb.
AMEA-nın Neft-Kimya prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxışını Naftalan neftinin möcüzəvi xüsusiyyətləri üzərində qurub. O deyib ki, sovet dövründə Naftalana ildə 70 mindən çox insan gəlirdi, indi isə bu rəqəm 35 min nəfər təşkil edir. Xarici turistlərin adıçəkilən məkana sonsuz marağı olduğunu deyən direktor bunun üçün bütün sahələri təmsil edən insanların bir yerdə, əlaqəli şəkildə işləməli olduğunu söyləyib.