New Baku Hotelin Baş Meneceri Ceyhun Aşurovla müsahibe
Özünüz və turizmə gəlişiniz haqqında bizə biraz bəhs edə bilərsinizmi?
Mən turizmə təsadüfən gəlmişəm, bəlkə də bu bir zərurət olub. Özüm iqtisadçıyam ADİU-nun Beynəlxalq iqtisadi münasibətlər fakultəsini bitirmişəm. Əsgərlikdən sonra müxtəlif sahələrdə- bankda, bir zavodun maliyyə şöbəsində işləmişəm. Ancaq turizm qədər heç biri mənə cəlbedici olmadı. Turizmlə yaxından tanışlığım ilk dəfə Türkiyədə oldu. Marmarisdə bir resort oteli olan Lidya oteldə resepşn olaraq işə başladım və otel işini sevdim. Orada insanlarla ünsiyyət, onların münasibəti və oradakı atmosfer məni çox cəlb etdi və düşündüm ki, gələcək kariyeram niyə də turizmdə olmasın. Daha sonra 2004-cü ildən Bakıda Elit oteldə gecə meneceri olaraq işə başladım sonra türk iş adamlarının Bakıda yerləşən Empire oteldə baş menecer olaraq yeni vəzifəyə başladım. Otelin təməlindən 2011-ci ilə qədər.
2011-ci il Eurovision ərəfəsində Xaricdə təhsillə bağlı düşündüm. Fikirləşdim ki bu il Turizm ilidir və xaricdə təhsillə bağlı imkanlar var. Çünki lazım olan bütün şərtlərə cavab verirdim və bunun üçün bütün gücümlə çalışdım və buna nail ola bildim. Və sonra işimi tərk edib Almaniyada Bremen Tətbiqi Elmlər universitetində beynəlxalq turizm menecmenti üzrə ingilis dilinde magistr təhsilimi aldım. 2012-ci ildə məzun olduqdan sonra Bakıya qayıdanda artıq New Baku Hotelinde baş menecer və işlətməci olaraq işə başladım.
Almaniyada aldığınız təhsilin burdakı iş həyatınıza qatqısı olubmu?
Əlbəttə ki oldu. Orada fərqli dostlar, yeni əhatə qazandım. Təhsil olaraq isə fərqli Universitet atmosferi yaşadım hansı ki, hələ ki bizim akademik illərlə, keçirdiyimiz o təcrübə ilə, hisslərlə ora fərqli idi. Orada müəllimlərin, tələbələrin yanaşması fərqli idi və multikultural bir atmosfer var idi. Bizim qrup yoldaşlarımız dünyanın bir çox fərqli ölkələrindən olan insanlar idi
Işimə təsiri o oldu ki, dünya görüşüm fərqli oldu, artıq gördüyümüz ideyalara, işlərə daha fərqli və tənqidi yanaşa bildik və o cür qəbul etməyə çalışdıq. Yeniliklərə daha da açıq olduq , Düşünürəm ki, bazarda o müəssisə ayaqda qala bilir ki, bazarda fərq yarada bilir, yeniliklərə açıqdı, yeni texnologiyalardan istifadə edir, təlimlərə, öyrənməyə açıqdı. Oteldə həm işçilərlə həm də işimizlə fərqli atmosfer yaratmağa çalışırıq
Turist olaraq xarici ölkəyə səfəriniz zamanı həmin ölkədə hansı kriteriyalara önəm verirsiniz?
Ətraf mühitin təmiz olması, insanlarda təmizlik mədəniyyətinin mövcud olması, yerli əhalinin turistə qarşı munasibəti, köməyə hazır olmaqları, nəqliyyat sistemi, təhlükəsizlik, sabitlik , infrastruktur kimi məqamları göz önündə tutmaq lazımdır. Təbii ki getmə məqsədinə görə bu kriteriyalar dəyişir.
Bu peşənin çətin tərəfləri…?
Peşənin çətin tərəfləri 7/24 saat online olmaq lazım gəlir, hər an sənə zəng gələ bilər. Daim hər şeyə hazır olmalısan. Turistlərlə işləmək həm maraqlıdır, həm də çətindir. Biz bir market və ya müəssisədən fərqli olaraq iş yerimizi axşam bağlayıb səhər yenidən aça bilmirik. 24 saat otel fəaliyyət göstərir. Həm də biz təkcə otaq və ya xidmət satmırıq eyni zamanda xaricilərə biz öz mədəniyyətimizi, davranışımızı, tariximizi insanlarımızı düzgün göstərməliyik. Yəni biz harada olmağımızdan asılı olmayaraq ölkəmizin təmsilçiləriyik. Eyni zamanda xarici ölkəyə çıxdıqda da özümüzü doğru təqdim etməliyik. Çünki bizə baxıb ölkəyə qiymət verirlər yaxşı və ya pis.
Boş zamanlarınız…?
Boş zamanlarımda mütləq kitab oxuyuram, təlimlərdə iştirak etməyə çalışıram. Dostlarımla görüşüb fikir mübadiləsi etməyi çox sevirəm. Cəmiyyət üçün, yaxınlarımız üçün etrafımız üçün faydalı düşünməyə çalışıram. Savadlı olmaq lazımdır. Bizdə ən çox çatışmayan şey bizə doğru yol göstərə bilənlərin sayının az olmasıdır. Hansı yol düzgündür? Mən necə etməliyəm? Hansı mövqeyi ən doğrudur? 5 il sonra nələrə hazır olmalıyam? Qarşımızda bizi yönləndirə biləcək ağıllı insanlara həmişə ehtiyacımız var və bu cür ehtiyacı təkcə kitablarla əvəz edə bilməzsən.
Uğurunuzun səbəbi nədir?
Faydalı olmaği düşünmək və faydalı olmaq. Çox çalışmaq, lazımınca oxumaq, öyrənmək, zəhmət çəkmək. Nəyi istədiyini bilmək. Qarşıma hər zaman lazımlı yaxşı insanlar çıxıb və onlardan öyrənməyə çalışmışam.
Müştəri işçinin səhvi üzündən narazı olanda bəs sizin bu anda işçi ilə olan münasibətiniz necə olur?
O mütləq müzakirə olunur və real olaraq izah olunur. Hər departamentin özünün meneceri var. Birinci olaraq menecerə bu barədə bildirilir ki, bu məsələ ilə maraqlansın. Əgər işçi nədəsə səhv edibsə burda məsuliyyət payı həm menecerdə həm də işçidə var. Ya mən nəisə vaxtında deyilməyib və ya işçi diqqət etməyib. Hər kəs mütləq şəkildə öz payına düşəni etməlidir. Əgər işçi həmin səhvi təkrar-təkrar edərsə mütləq cəzalanır. Təəssüflə qeyd etməliyəm ki sadəcə liberal motivasiya ilə heçnə alınmır. Biz işçiyə güzəşt edirik amma işçi əgər arxayın olarsa biz o zaman daha sərt addımlar atmalı oluruq. Sonsuz güzəşt olmur. İşdə hər kəz öz məsuliyyətini daşımağı bacarmalıdır. Mənə görə bir menecerdə və ya bir işçidə hər şeydən əvvəl məsuliyət olmalıdır. Məsuliyyəti olmayan insan təhsili nə olur olsun heç vaxt menecer və ya rəhbər ola bilməz. Savadlı olmamaq olar, təcrübəsiz olmaq olar ama adam məsuliyyətsizdirsə heç cür düzəltmək olmur. Mən məsuliyyətsizliyi bagişlamiram. Uzunmüddətli perspektivlərdə elə biriləri ilə eyni komandada işləmək istəməzdim.
Almaniyada bir şirkət rəhbərinin çıxışını dinlərkən o demişdi ki, şirkətdə nəsə problem yaranırsa bunun haqda əməkdaşlar ən azı iki çıxış yolunu təklif edə bilməlidir. Şirkətlərdə birtərəfli struktur məncə düzgün deyil. Hər departamentin menecerinin özünün qərar verə bilmə səlahiyyəti olmalıdır sonda baş menecerə hesab verməlidir. Çünki müştəriyə problemin tez həlli lazımdır.
İmkanlarımız yüksək olsa da Azerbaycana turist niye az gelir? Sizcə səbəb nədir?
Bizi bugün ən çox düşündürən məsələlərdən biri də budur. Niyə infrastruktur cəhətdən zəngin, tarixi və görməli yerlər baxımından, otel sayına görə daha zəngin olan Azərbaycana 2.5 milyon turist gəlir lakin, Gürcüstana 6 milyona yaxın turist gəlir. Düşünmürəm ki bu xidmət keyfiyyətinə görədi. Əksinə bizdə daha keyfiyyətli xidmət göstərilir.
Yeni İqtisadi şərtlər bizim qiymətləri xarici turistlər üçün daha cəlbedici edib. Ama ki yenə də turist sayı çox azdı. Səbəb isə viza məsələsində yaranan çətinliklərdir, Bu günlərdə açıqlandı ki, çox yaxında Asan viza rejimi tətbiq olunacaq. İkinci bir səbəb isə təyyarə biletlərinin baha olmasıdır. Düzdür Azalın xidməti keyfiyyətlidir lakin qiymətləri heç sərfəli deyil. 4 beynəlxalq hava limanına sahibik. Heç olmasa regionlardakı hava limanında low costerlərə daha çox yer verilməlidir. Əlavə qiymət güzəştlərinə ehtiyac var. Turizm ele bir sahedir ki multiplikativ, çoxşaxəli effekti var. Bir turist gəlirsə təkcə otel deyil dükanda satıcı qazanır, taksi sürücüsü qazanır, restoran sahibləri qazanır souvenir hazırlayan sənətkarlar qazanır və nəticədə xalqa xeyir verir.
Azərbaycana az turistin gelmeyinin sebebini Azərbaycanın müharibə ölkəsi kimi tanınması ola bilərmi?
Bu fakt da var. amma düşünürəm ki düzgün marketing işləri aparılmalıdır. Biz Bakıda Eurovision, Baku2015, Formula 1 yarışlarını təşkil etməklə dünyada tanınmaq və müsbət imic qazanmaq istəyirik. Ola bilər ki, İqtisadi baxımdan o qədər də gəlir əldə etməmişik, lakin ölkənin tanınmasında bunlar müsbət haldır. Müxtəlif beynəlxalq telekanallarda ölkəni tanıdan video çarxlar göstərilir. Lakin bu kifayət deyil. Xaricdə təşkil edilən sərgilərə seçilmiş, Azərbaycanı maksimum dərəcədə yaxşı tanıda biləcək şəxslər getməlidirlər. Mən təklif edərdim ki bir komanda yaradılsın. Sərgilərdə həm görünüş həm dil baxımından daha professional komanda ilə təmsil olunaq.
Devalvasiya Azərbaycana necə təsir edəcək?
Devalvasiyanın uzunmüddətli perspektivdə faydaları olacaq, iqtisadiyyat şeffaflaşacaq, daha real iqtisadiyyat olacaq. Mən buna inanıram ki real işgüzar sahibkar təfəkkürlü insanlar daha çox görünə bilən olacaq. Çünki, neft gəlirlərinin artması, digər sahələr, kənd təsərrüfatı, turizm və s ikinci dərəcəli olaraq qalmışdı. İqtisadiyyatımız idxala yönəlik idi. Çox şeyi idxal edirdik. Çünki valyutamız bol idi və neftdən ölkəyə çoxlu pul gəlirdi.Bakıda çoxlu lüks mağazalar açılmışdı. Onların arxasında real iqtisadiyyat dayanmır. Bizdə iqtisadi inkişaf yox daha çox iqtisadi artım var idi. İqtisadi inkişafla iqtisadi artımı qarışdırmaq olmaz. İqtisadi inkişaf zavod və fabriklərin açılmasıdır, məhsul istehsalıdır. Ama bizdə neftin qiymətinin qalxması hesabına iqtisadiyyatımız artmışdı. Düzdü qeyri-effektiv xərcləmələr olsa da infrastruktur yaranıb. Regionlarda yollar, işıq, qaz və s çəkildi İndi bir çox şeylər üçün baza yaranıb. Ona görə biz real iqtisadiyyata qayıdırıq .Kimin bacarığı, kreativ ideyaları varsa o uğurlu olacaqdır. Sahibkar dürüst olmağa çalışacaqdır. Bazarda olan müştərilərini, partnyorlarını aldatmayacaq. Digər sahələrdə irəliləyiş olacaq.Ölkəmizdə savadli gənclər və dürüst insanların əməyi indi daha vacibdir.
Krizis vaxti idare etmede nece deyişiklikler etdiniz?
Kriz vaxtı biz qiymətlərdə dəyişiklik etmədik çünki qonaqların sayı və bazar buna imkan vermirdi. Təbii ki hər bir sahibkar daha çox mənfəət əldə etmək istər ama bazar özü-özünü tənzimləyir. Müştəri sayı dövrün əvvləində 30-40% azaldı və buna görə də biz düşündük ki, əməkdaşlarımız ilə olan əlaqə və münasibətlərimizə yenidən baxmalıyıq., genişləndirməyə çalışmalıyıq Biz bu devalvasiya dövründə partnyorlarımıza əvvəl verdiyimiz sözlərə əməl edərək əməkdaşlığı davam etdirdik. Bu işdə biz hər zaman inam və etibarın qorunmasını üstün tuturuq. Mən düşünürəm ki, şirkətlərin bir çoxunun problemləri nə dərəcədə güvənilən olmasıdır. Şirkətlər güvənilən olsalar rəqabətdə digərlərindən fərqlənə bilərlər. Bu tək şirkətət aid deyil eyni zamanda insana da aiddir. Mən inanmadığım insanla iş görə bilmərəm
İş həyatınıza ciddi təsir eden insanlar olubmu...?
Mən Universiteti bitirib əsgərlikdən qayıtdıqdan sonra əlimdə tərcümeyi hal çox iş axtarışları etdim. Çoxundan yaxşi cavab almasam da bu menim heyatımda təcrübə oldu. Men sonra bir şirkətdə işləsəm də onun məni gələcəkdə düşündüyüm mövqeyə aparmayacağını gördüm. Sonra bir bankda ixtisasım üzrə işə başladım. Bunun da mənim üçün uyğun iş olmadığını gördüm. Sonra maliyyə problemlərim olduğu üçün bu sahə üzrə iş bilgim olmasa da bir yanacaq doldurmada işə duzeldim. Əlbəttə əlimdə diplom və bacarıqlarım olduğu halda burada işləmək mənəvi cəhətdən ağır gəlsə də ama təhsilim üçün rahatlıqla zaman və maliyyə ayıra bilirdim. Sonra Türkiyəyə getdim və orada turizmlə, otelçiliklə tanış oldum. Bura qayıdanda iki türk iş adamı ilə tanış oldum ki, onlar burada otel idarəetmesiyle məşğul idilər. Və onlarla işləyərək, onlardan öyrənərək iş heyatımda addımla irəliləməyə başladım. O şəxslərin mənim iş heyatımda böyük rolları olub. Bunlar Mutlu Salı və Musa Okumuş adlı türk iş adamları idi. Bu günkü gündə də onlarla dost olaraq eyni müstəvidə əməkdaşlığa davam edirik. Bu şəxslərin mənim kariyeramda böyük rolları olub..
Dünya brend otellerinin siyahisinda Azərbaycan GM-nin olmamasının səbəbi…?
Biz bu sahədə çox yeniyik. Gələcəkdə yeni gələn təhsilli, təcrübəli gənclərimiz artıq o səviyyəyə qədər yüksələcək. Brend otellərdə orta menecmentdə çalışan gənclər bir gün həmin otellərin GM-I ola bilər. Sadəcə zaman lazımdır, bugün biz hələ buna hazır deyilik. Belə düşünsək ki əvvəllər Azərbaycan otellərinin əksəriyyətinin GM-i digər milliyətlərdən olub ama indi azərbaycanlı GM-lərin sayi getdikcə çoxalır.
Ne vaxtsa öz otelinizin sahibkarı olmaq istərdinizmi?
Əlbəttə istərdim. Amma ən çox otel menecment şirkəti vəya kompanya, bir neçe otelin yonetimini aparmaq. Birində kapital daş-divar, binadı ama digərində kapital insandır. İnsan kapıtalı həmişə daşdan divardan daha güclü, daha çevik daha çox inkişaf edir. Binanı tikənlər həmişə olacaqdır. Lazımi insanı tapmaq çətindir.
Sahibkar idarəçi münasibətləri sizin fikrinizcə necə olmalıdır?
Şəhər mərkəzində bir çox otellər vardır ki, otelin yerləşdiyi yer çox uyğundur, otelin vizul görünüşü gözəldi, turist üçün bütün şərait var, lakin yumşaq desək oteldə iş getmir. Həmin otellərin işləyə bilməməsinin səbəbləri ya menecer, ya sahibkar. ya işə həddindən artıq müdaxilələr, ya da sövdələşmələrdə yaranan anlaşmazlıqlar olur. Otel binası icarəyə götürülür, işlər yoluna girən zaman otel sahibi icarə haqqını qaldırır. Bu da menecerlə sahibkar arasında narazılığa səbəb olur. Bizdəki sahibkarlar bəzən oteli idarə edən şəxsə yəni digər sahibkara öz işçisi kimi yanaşırlar. Əgər o mənim obyektimi işlədirsə demək mənim işçimdi. Amma bu yalnış yanaşmadır. Sahibkar da öz mənafeyini düşünür. Ortaq yol tapılmalıdır
Skal ailesi ilə tanışlığınız nece oldu?
Skal ilə məni Ruslan Quliyev tanış edib. Görüşlərdə iştirak etdikcə daha yaxşi başa düşməyə başladım. Almanyada keçirilən görüşlərdə də gördüm ki bunun özünün fərqli fəlsəfəsi var. Bu sferada olan insanlar bir araya gəlir. Hər kəs bir-biri ilə yaxın dost münasibətində olurlar. Almaniyada gördüm ki Skalçılar arasında bir-birilərinə inam və böyük hörmət var.Bu mənim çox xoşuma gəldi. (Doing Business Among Friends) Skalı dostlar arasında iş görüşmələri kimi də izah etmək olar. Məqsədimiz budur. Bütün turizmçilər bir-birine dəstək olmalıdır.. Skal böyük turizm ailəsinə daxil olmaq, əlaqələrini genişləndirmək üçün yaxşi bir açardir. Böyük bir Turizm Ailəsinin bir parçası olusunuz. Bundan sadəcə olaraq düzgün istifadə etməyi bacarmalıyıq. Bu dünya səviyyəsində beynəlxalq bir təşkilatdır.
Gənc turizmçilərə nələri məsləhət görərdiniz?
Mən eyni zamanda ATMU-da turizmlə bağlı dərs də deyirəm. Sevinirəm ki, belə bir təhsil müəssisəmiz var və orada çoxlu perspektivli gənclər təhsil alırlar. Amma bəziləri də var ki, düşünürlər mənim diplomum var və mən oteldə ən azı resepşn və ya menecer olaraq işləməyə başlamalıyam. Gənclər daha rahat, daha asan yolla daha çox qazanma meylindədirlər. Məhz bunun üçün də turizmi bitirdikden sonra bu sahəyə addım atmırlar. Bizdə digər problem mentalitet məsələləridir ki, bugün turizm məzunu olan bir xanımın oteldə işləməsi problemdir. Ailələri narazılıq edirlər və onların kariyeralarına mane olurlar Gənclərimizdə turizmdə işləməklə bağlı kompleksləri çoxdur. Otel işini sıfırdan öyrənmək üçün housekeeping və digər pozisiyalarda işləyib təcrübə qazanmaqdan çəkinirlər. Türkiyədə və Avropada belə problemlərin öhdəsindən artıq gəliblər. Azərbaycanda da bunların həll olması üçün zaman lazımdır.
Turizmdə oxuyan və ya işləyən gənc turizmçlərə məsləhətim öyrənməyə hazır olsunlar. Daima treninqlərdə, seminarlarda iştirak etsinler. İxtisaslarına aid çoxlu ədəbiyyat oxusunlar. Hətta sevdiyiniz işdə alınmasa belə pulsuz işləməyə hazır olsunlar. Bəli ciddi deyirəm. Gənclərin bugün problem odur ki çox savadlı məzunlarımız diplom aldıqdan sonra evdə oturub iş gözləyirlər. Ama imkan verin sizi kəşf etsinlər. Bir bazara çıxıb, heç olmasa haradasa staj keçərək, göz önündə olmaq lazımdır. Bəziləri ümidsizliyə qapılıb xarici ölkəyə getmək istəyirlər. Xarici ölkəyə təhsil, kurs, təcrübə üçün getməyə dəyər ama kariyera qurmaq istəyirsinizsə savadlı, öz gücünə inanan, bacarıqlı insanlara burda daha çox ehtiyac var nəinki xarici ölkədə. Ordakı rəqabət çox güclüdür və demək olar ki boş bir sahə çox azdır.
Young skala məsləhətiniz nələrdir?
Həm ölkəyə həm turizmə həm özümüzə yararlı olmaq üçün turizmde peşəkar insanlarla tez-tez görüşün. Onları daha yaxından tanımağa cəhd edin. Onlardan maksimum dərəcədə öyrənməyə çalışın. Və siz aktiv olun ki, daha çox öndə olasınız və tanınasınız. Sizin buna daha çox imkan və şəraitiniz var. Skal imkanlarından faydalanaraq həm özünüzü inkişaf etdirin, həm də ölkəmizi dünyaya daha yaxşı tanıdın.